Ən çox verilən suallar
Sual: “Ehtiyat zabit hazırlığı kursu”na kimlər qəbul edilir? Cavab: “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olmaq hüququna ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd (diplom) almış, zabit rütbəsi olmayan 35 yaşınadək Azərbaycan Respublikasının vətəndaşı qəbul ola bilər. Sual: “Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün hansı sənədlər tələb olunur? Cavab: “Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün aşağıdakı sənədlər tələb olunur: -kursa qəbul olunmaq barədə ərizə; -anket forması; -tərcümeyi-hal (1 nüsxə); -təhsil haqqında sənədin surəti (1 nüsxə); -xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə təsdiq edilmiş surətilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (Təhsildə Keyfiyyət Təminatı Agentliyi) tərəfindən verilmiş şəhadətnamənin (tanınma şəhadətnaməsi) notarial qaydada təsdiq edilmiş surəti; -doğum haqqında şəhadətnamənin surəti (1 nüsxə); -yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxə); -əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.); -şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə); -nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə); -həyat yoldaşının və övladlarının şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə); -rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm, 2 ədəd 4.5x6 sm və 3 ədəd 9x12 sm); -hərbi biletin yazılı və möhürlü olan vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş,1 nüsxədə); - psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar. Sual: “Ehtiyat zabit hazırlığı kursu”nun məzunları dövlət tərəfindən mənzil ilə təmin edilir? Cavab: Silahlı Qüvvələrdə 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçular daimi ev ilə təmin olunurlar.
Sual: Xidmət etdiyim müddətdə mənzil ilə təmin olunmadığım təqdirdə mənə yaşayış sahəsi üzrə kirayə pulu ödənilir? Cavab: Hərbi qulluqçu xidməti mənzil ilə təmin olunmadığı təqdirdə, yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyası ilə təmin edilir.
Sual: “Ehtiyat zabit hazırlığı kursu”ndan məzun olduqda təyinat yerim necə müəyyən ediləcək? Cavab: “Ehtiyat zabit hazırlığı kursu”nun məzunlarının təyinatı Azərbaycan Ordusunun tələbatları nəzərə alınaraq vakant vəzifələrin komplektləşdirilməsi üzrə həyata keçirilir.
Sual: “Ehtiyat zabit hazırlığı kursu”ndan məzun olduqdan sonra neçə il xidmət edə bilərəm? Cavab: Dinc dövrdə “Ehtiyat zabit hazırlığı kursu”nun məzunları üçün həqiqi hərbi xidmətin müddəti təqvim hesabi ilə 1 il 6 ay olaraq müəyyənləşdirilir. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilə bilər.
Sual: Hərbi qulluqçuların və onların ailə üzvlərinin tibbi təminatı necə həyata keçirilir? Cavab: Müdafiə Nazirliyinin tibb müəssisələrində hərbi qulluqçunun özü üçün ödənişsiz, ailə üzvləri üçün isə tibbi təminat güzəştli şərtlərlə aparılır.
Sual: “Ehtiyat zabit hazırlığı kursu”ndan məzun olanlar güzəştli ipoteka kreditlərindən yararlana bilər? Cavab: Azərbaycan Ordusunda minimum 3 (üç) il xidmət etmiş hərbi qulluqçu güzəştli ipoteka kreditlərindən yararlana bilər.
|